May 16, 2023

E-ticarətdə ödəniş metodları

Elektron ödənişlər internet kommersiyanın və internet bankçılığının inkişafı ilə geniş vüsət almağa başlayıb. Günümüzdə elektron kommersiyada əsas ödəniş vasitələri artıq plastik kartlar vasitəsi ilə həyata keçirilir. Onlayn ödənişlərin təmassız olması və səmərəliliyi artıq nağd ödənişdən istifadə metodunu kifayət qədər azaldıb. Son dövrlərdə tətbiq olunan ödəniş vasitələri, həm müştəri məmnuniyyətinin təmin olunması kömək edir, həm də internet dələduzları tərəfindən edilə biləcək mümkün müdaxilələrin qarşısını alır. 

ÖDƏNİŞ KARTLARI

Hal-hazırda dünya praktikasında əsas iki növ ödəniş kartı və onların müxtəlif növləri istifadə edilməkdədir:

  • Kredit kartı – kart sahibinə əvvəlcədən müəyyənləşdirilmiş kredit limiti əsasında ödəniş əməliyyatlarını həyata keçirməyə imkan verir. Bu növ kartlar “sonra ödə” modeli (“pay after” model) prinsipi əsasında işləyir. 
  • Debet kart – kart sahibinə alış-veriş etmək, birbaşa ödəniş əməliyyatlarını həyata keçirmək imkanı verir. Bu növ kartlar “indi ödə” prinsipi əsasında işləyir (“pay now” model).

VİSA VƏ MASTERCARD ÖDƏNİŞ SİSTEMİ

Bugünkü gündə Visa və Mastercard ödəniş sistemləri dünya üzrə ən nüfuzlu və etibarlı hesab edilir. Bu ödəniş sistemləri alıcı və ticarətçi arasında əsl vasitəçi rolunu oynayır, müxtəlif nağdsız hesablar həyata keçirməyə imkan yaradır. 

Kartın üstünlükləri:  

  • Sürətli və ağıllı olması  
  • Rahat daşınıla bilməsi
  • Funksionallıq (əlavə debet, kredit, nəqliyyat vasitələrindən istifadə kartları və digər kartları daşımamaq imkanı)  
  • Yüksək təhlükəsizlik
  • Oflayn və onlayn rejimdə işləmə imkanı

ELEKTRON PUL KİSƏSİ- (E-WALLET) 

“Elektron pul kisəsi (E-wallet)” –ödəniş əməliyyatlarını həyata keçirmək üçün istifadə edilən internet əsaslı proqramdır. Bu sahədə ən böyük internet nəhəngləri “PayPal” , “Google Wallet” , “Checkout By Amazon”, “Moneybooks” və digərləri hesab edilir. E-wallet əldə etmək üçün müştəri bu sahədə fəaliyyət göstərən şirkətlərin birinin səhifəsindən qeydiyyatdan keçə bilər. Proqramı əldə edən müştəri adi ödəniş kartları və bank hesablarından pul kisəsinə istədiyi qədər məbləği transfer edə bilər. Bundan sonra müştəri sadəcə öz şifrə və parolu və ya elektron poçt ünvanını yazmaqla Elektron pul kisəsinə daxil olaraq onlayn alış-veriş edə bilər.

QR-KOD İLƏ ÖDƏNİŞ 

Son illərdə QR-koddan istifadə hər yerdə tətbiq edilən innovativ onlayn tendensiyadan sistemli maliyyə prosesinə çevrilib. Əgər daha öncədən biz hər-hansı bir informasiyanı əldə etmək üçün QR-kodu skan edirdiksə, son bir neçə ildə dünyada bu üsulla ödəmələr həyata keçirmək daha da aktuallaşıb. QR-kodun əsas üstünlüyü istifadəçi məlumatlarının effektiv saxlanması, əlavə yükləyicilər, torrent və s. olmadan məlumatları yükləmək üçün açıq bir kanal təmin etməsidir.

LİNKLƏ ÖDƏNİŞ

“Linklə ödəniş” xidməti sahibkar və onların müştərilərinə ödənişləri onlayn qaydada sürətli və rahat həyata keçirməyə imkan verən metoddur. Linklə ödəniş xidmətindən yararlanmaqla satıcı 24/7 rejimində istənilən saatda xüsusi link yarada və ödənişi qəbul edə bilir. Yaradılmış linki hər hansı kommunikasiya kanalı vasitəsilə - WhatsApp, Instagram, Telegram, SMS və s. messencerlərlə müştəriyə göndərir və müştəri linkə keçid edərək ödənişi kartla həyata keçirir. Beləliklə, ödəmə hər iki tərəf üçün sadə və təhlükəsiz üsulla tamamlanmış olur.

ÖDƏNIŞ SISTEMLƏRININ UNIVERSALLIĞI NƏDƏN IBARƏTDIR?

  • Müxtəlif ödəniş sistemlərinin və istehsalçıların bütün debet, kredit kartlarının ümumi ölçüləri, ümumi kodlaşma sistemi və məlumat saxlama sistemləri var.
  • Bank təşkilatları tərəfindən maliyyə müəssisələrinin müştərilərinə ISO 7813 etiketli kartlar verilir.
  • Ödəniş sistemləri öz müştərilərinin pul vəsaitlərin təhlükəsizliyinə böyük diqqət ayırırlar.

Ödəniş sistemləri maksimal dərəcədə üçüncü şəxslərin məlumat əldə etmələrini məhdudlaşdırır. Buna ödəniş sistemlərin müxtəlif açar və şifrələrlə çox dərəcəli müdafiə sistemlərin quraşdırılması və tətbiq edilməsi və həmçinin elektron və mexaniki üsulların sayəsində nail olunur.